Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun landşaft abidələri.
Buraya daxildir :
➧milli parklar
➧qoruqlar
➧yasaqlıqlar
➧meşə landşaftları
Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət komplekslərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi,
mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat
idarələri statusuna malik olan ərazilərdir. Azərbaycanda milli parklar 2003-cü
ildən etibarən yaradılmağa başlayıb. Hazırda milli parklar 310,2 min hektarlıq ərazi
ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir. Gəncə-Qazax iqtisadi-coğrafi
rayonu ərazisində Göygöl milli parkı yerləşir. Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə Göygöl,
Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində
Göygöl Milli Parkı yaradılmışdır. Göygöl
Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə
landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Kiçik
Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri,
Göygöl, Maralgöl, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan
obyektlərindəndir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən
ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə pişiyi,
samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s.
göstərmək olar. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fısdığı,
şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə,
iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal,
zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən
Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi,
çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və s. göstərmək olar.
Qoruqlar. İqtisadi rayon ərazisində 3 qoruq yerləşmişdir: Qarayazı,
Eldar şamı və Korçay qoruqları. Qarayazı dövlət təbiət qoruğu - Azərbaycan
hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində Ağstafa
meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə
yaradılmışdır. Qoruqda
məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin
xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Kürətrafı meşələrin mühafizəsi
üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata
keçirilməyə başlanmışdır. Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da
çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil
edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s.
ibarətdir. Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini
qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib
yaxşılaşdırmaqdır.
Eldar
Şamı Dövlət Təbiət Qoruğu - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16
dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində
yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir.
Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin,
ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin
(ardıc,saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda
Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə
təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.
Korçay
dövlət təbiət qoruğu- Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel
tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin
4833,6 hektar sahəsində Korçay dövlət təbiət qoruğu yaradılmışdır. Azərbaycanın
«Qırmızı Kitab»ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək
olar. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar;
quşlardan kəklik, turac və s. vardır.
Yasaqlıqlar.
Torpaq mülkiyyətçidən, istifadəçidən
və icarəçilərdən alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların
torpaq sahələrində təşkil edilir.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır.
Gəncə-Qazax
iqtisadi-coğrafi rayonu ərazisində 1 dövlət təbiət yasaqlığı mövcuddur. Şəmkir Dövlət Təbiət
Yasaqlığı- 1964-cü ilin
fevralında Şəmkir rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında
məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl
donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Ərazisi
10 000 hektardır. Yasaqlıqda tuqay və yarımsəhra bitki
formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında
yerləşir. Onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir.
Meşə landşaftı. Bölgənin mühüm təbiət
abidələrindən biri də ekzotikliyi ilə seçilən meşə landşaftıdır. Meşə landşaftı
Gədəbəy, Göy-Göl, Daşkəsən, Tovuz rayonlarında yayılmışdır. Meşə landşaftı bölgənin
16% ərazisinin təşkil edir ki, bu da Göygöldə 24%-ə, Gədəbəydə 32%-ə çatır. Meşə landşaftı əsasən vələs,
fısdıq, palıd, cökə ağaclarından ibarətdir. Hazırda tədqiq olunan ərazidə ümumi
meşəlilik 11,5% təşkil edir ki, bu da mövcud rekreasiya normalarından xeyli
aşağıdır. V.İ.Sidorovaya görə rekreasiya-istirahət zonalarında meşəlilik 60-70%
olduqda normal saymaq olar. Bu rayonda meşəlilik dərəcəsi ərazi üzrə qeyri-bərabər
paylanmışdır. Meşəlilik Ağstafa rayonunda 5,4%, Daşkəsəndə 35%, Gədəbəydə 21%,
Goranboyda 0,6%, Tovuzda 15%, Göygöldə 12%, Şəmkirdə 1%, Qazaxda isə 1% dən az
təşkil edir.
Hiç yorum yok:
Yorum Gönder