Gəncə-Qazax iqtisadi rayonun iqtisadi-coğrafi şəraiti➹Gəncə-Qazax iqtisadi-coğrafi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir. Həmin rayon və şəhərlər inzibati ərazi vahidlərinə, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinə bölünürlər. İqtisadi rayonda 12 şəhər, 9 rayon, 2 şəhərdaxili rayon, 42 qəsəbə, 279 kənd inzibati ərazi vahidləri və 521 kənd yaşayış məntəqələri vardır. Gəncə-Qazax iqtisadi rayonunda 287 bələdiyyə fəaliyyət göstərir.
Gəncə-Qazax
iqtisadi-coğrafi rayonu respublikanın qərb hissəsində, əsasən, Kiçik Qafqaz
sıra dağlarının şimal yamaclarında yerləşir. Orta Kür çökəkliyinin mərkəz hissəsindəki
Ceyrançöl sahəsi də onun tərkibinə daxildir. Azərbaycanı Gürcüstan və Türkiyə
ilə əlaqələndirən, nəqliyyat-iqtisadi münasibətlərinin formalaşmasında mühüm
amillərdən sayılan yol da buradan keçir.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun
relyefi, xüsusilə, yüksəklik amplitudunun böyük olması məskunlaşma və mənimsənilmə
baxımından əlverişlidir. Regionun ərazisi mürəkkəb relyefə malik olduğu kimi,
iqlimi də rəngarəngdir. İqtisadi rayonun aşağı hissəsi iqlimin isti və quru
olması ilə səciyyələnir. Burada fəal temperaturların cəmi 3500-4500˚C arasında
tərəddüd edir.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonu Azərbaycanın faydalı qazıntılarla zəngin
regionlarından biridir. Burada müxtəlif növ faydalı qazıntılara təsadüf edilir.
Rayonun əsas faydalı qazıntıları dağətəyi zonada yerləşir. Dəmir filizi,
alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı, qızıl, gümüş, mis
iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır. Daşkəsən dəmir filizi, Zəylik
aluniti ehtiyatları sənaye əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan
hissəsi hidroenerji ehtiyatları ilə zəngindir. Gəncə-Qazax iqtisadi-coğrafi rayonu təbii-rekreasiya ehtiyatlarına malikdir.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun
ərazisi mineral-xammal ehtiyatları ilə zəngindir. Bunlara misal olaraq, metal
filiz yataqlarını göstərmək olar. Belə ki, iqtisadi rayonun ərazisində qara
metal filizlərin böyük ehtiyyatları aşkar edilmişdir. Aşkar edilən qara metal
filizləri əsasən dəmir, marqans və xromdan ibarətdir. Bu filiz ehtiyatları
faydalı qazıntı ehtiyatlarının ümumi nisbətində 10,4% təşkil edir.
Gəncə-Qazax
regionu hidroqrafik cəhətdən Kür çayı hövzəsinə aiddir. Region hidroqrafik cəhətdən
çox genişdir. Süni su axınları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə
aid edilir. Çayların bir çoxundan suvarma və su təchizatında geniş istifadə
edilir.
Ölkə iqtisadiyyatında həyata keçirilmiş
iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı istiqamətində
aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz müsbət nəticələrini
verməyə başlamışdır. Belə ki, 2006-2015-ci illərdə Gəncə-Qazax iqtisadi-coğrafi
rayonunun ümumi məhsul buraxılışının həcmi 2,7 dəfə, adambaşına düşən isə 2,6 dəfə artmışdır. Bu da ölkə üzrə orta
göstəricidən azdır.
2015-ci
ildə iqtisadi rayonun əhalisi, ölkə əhalisinin 13,0 faizini təşkil etdiyi
halda, məhsul və xidmətlərin ümumi buraxılışında xüsusi çəkisi 4,4 faizə, sənaye
məhsulunda xüsusi çəkisi 1,0 faiz, kənd təsərrüfatı məhsulunda xüsusi çəkisi
16,2 faiz, pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi isə 8,6 faiz olmuşdur.
Göründüyü kimi, adambaşına düşən ümumi məhsul ölkə üzrə orta göstəricidən aşağı
olmuşdur.
İqtisadi rayonun ümumi məhsul buraxılışında sənayenin
payı 2005-ci ildə 22,5 faiz, 2014-cu ildə 12,5 faiz, kənd təsərrüfatının payı
isə müvafiq olaraq 45,5 faiz və 31,6 faiz olmuşdur. Göründüyü kimi, kənd təsərrüfatı
payının azalmasına baxmayaraq, hələ də iqtisadi rayonun iqtisadiyyatında
üstünlük təşkil edir.
2007-2015-ci illərdə regionda təsərrüfat
subyektlərinin sayı artmışdır. Belə ki, bu dövrdə regionda təsərrüfat fəaliyyəti
ilə məşğul olan hüquqi şəxslərin sayı 1,2 dəfə, fiziki şəxslərin sayı isə 2,3 dəfə
artmışdır. İqtisadi rayonun əlverişli təbii şəraiti
və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Əhalinin ümumi sayı 2016-cı il statistikasına əsasən 1.253.4 min nəfərdir. İqtisadi rayonda əhalinin
47 faizi şəhərlərdə, 53 faizi kəndlərdə yaşayır. Əhalinin orta sıxlığı hər km²-ə
102 nəfər təşkil edir.
Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli
dağ-meşə landşaftı, müalicəvi mineral
suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına
imkan verir.
Hiç yorum yok:
Yorum Gönder